Şəfiqə Şəfanın şeirləri Rusiya ədəbiyyat portalında

Şəfiqə Şəfanın şeirləri Rusiya ədəbiyyat portalında

Rusiyanın “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Şəfiqə Şəfanın rus dilinə tərcümə olunmuş  Tale güzgüsü” “Sadəcə gəl” şeirlərinin yayınına başlayıb.

Şeirlərin rus dilinə tərcümə müəllifi Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva, bədii redaktoru Rusiya ədəbiyyatşünas alimi Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı əsasən dünya ədəbiyyatının Anna Axmatova, Nikolay Qumilyev, Yevgeni Yevtuşenko, Vladimir Vısotski, Rəsul Həmzətov, Oskar Uayld, İrvin Şou, Ernest Heminquey kimi korifey yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

 

 

 Şəfiqə Şəfa

·        1981-ci ildə Sumqayıtda anadan olub;

·        Azərbaycan Dillər Universitetinin  məzunudur;

·        2004-2018-ci illərdə Azərbaycan telekanallarında və dövri mətbuatda çalışıb;

·        “O günlərin xatirinə”“Qarışıq ünvanlar” kitablarının müəllifidir;

·        “Bir bənd şeir”“Dəf(İ)nə yarpağı” müsabiqəsinin qalibi olub.

 

 

TALE GÜZGÜSÜ

 

Bir gün sınar taleyinin güzgüsü,

Səpələnər ömrünün ortasına,

Toplayarsan hər parçasın ümidlə

Hər parçadan gülümsəyər özgəsi.

 

Barmağının qanı axar qəlbinə,

Şübhələrin qalaqlanıb dağ olar:

Allah, mənim eşq payıma kim şərik?

Kim geyindi qismətimi əyninə?!

  

Ağrıyarsan bu catlaq taleyinə,

Himə bəndmiş çiliklənib tökülsün.

Axı özün bələd idin əzəldən

Ha söysən də bəxtinin küləyinə.

 

Çiliklənib ürəyinə sancılar,

Hər parçası ayrı ağrı, ayrı dərd,

Qırıq-sökük xəyalları güzgü tək

Bir nisgillə qalaqlarsan ovcuna.

 

Bir gün gedər ömrünün son itkisi,

Axtararsan hər küncdə, hər bucaqda,

Süpürərsən o buz kimi otaqdan

Arzuların çiliklənən güzgüsün...

 

      

 

SADƏCƏ GƏL

 

Darıxsan,

Çəkinmə bax, gəl,

Nə var axı o şəhərin

qorabişirən havasında,

qır asfaltında?!

Heç əyin-başını da dəyişmə,

Saçını darama, üzünü yuma

eləcə çıx gəl.

Silərəm mən islaq dodaqlarımla

yorgun uz-gözünün toz-torpağını,

Dararam saçını kirpiklərimlə,

Həsrət qoxuyan tənin dincələr

sənə yadırğamış barmaqlarımda...

Darıxsan,

Yolunda duran nə varsa kəs at,

Lap kim varsa, sil at

Düşünmə, yıx gəl!

Nə durmusan axı o cüt görünən,

Ələyi hərlənən

tək-tənha evdə?

 

Darıxdım,

yaman darıxdım,

Ərinmə, qalx gəl!

 

 

https://www.litprichal.ru/work/472811/

https://www.litprichal.ru/work/472812/

 

 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.