Leyla Əliyevanın kitabı Ukrayna Milli Yazıçılar Birliyində təqdim olundu

Leyla Əliyevanın kitabı Ukrayna Milli Yazıçılar Birliyində təqdim olundu

   Ukrayna Milli Yazıçılar Birliyində istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон (“Dünya yuxutək əriyir”) kitabının təqdimat mərasimi keçirilib.

   Tədbiri giriş sözü ilə Ukrayna Milli Yazıçılar Birliyinin sədri, tanınmış yazıçı Mixail Sidorjevski açaraq, son illər Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin yüksək səviyyədə təşkilindən, Dövlət Tərcümə Mərkəzinin Ukrayna–Azərbaycan ədəbiyyatlararası mübadilələr üzrə həyata keçirdiyi uğurlu layihələrindən danışıb, Leyla Əliyevanın ukraynalı oxuculara təqdim edilən şeirlər kitabının əhəmiyyətini vurğulayıb: “Ukraynanın “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən bu nəfis tərtibatlı kitab Ukrayna ədəbi mühiti tərəfindən maraqla qarşılanıb və yüksək dəyərləndirilib. Azərbaycan Tərcümə Mərkəzinin bu layihəsi iki dost ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına verilən yeni töhfə, növbəti uğurdur”. 

   Daha sonra Yaroslavov Val” nəşriyyatının direktoru, şair Svetlana Koronenko, Ukraynanın Xalq artisti, müstəqil Ukraynanın ilk mədəniyyət naziri Larisa Xoroles, Ukrayna Milli Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, şair Yuliya Berejko-Kaminskaya, şair, tərcüməçi Lyudmila Dyadçenko çıxış edərək, Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıblar.

   Daha sonra kitabın ukrain dilinə tərcümə müəllifi, yazıçı, ictimai xadim Lesya Mudrak Leyla Əliyeva poeziyasının bədii məziyyətlərindən, orijinal üslubundan, tərcümə prosesi zamanı duyduğu yüksək mənəvi zövqdən bəhs edib, şairin Vətənə, insana sevgidən yoğurulmuş yaradıcılığının mahiyyətini açıqlayıb.

   Tanınmış Ukrayna şairi, tərcüməçi, Kiyev Yazıçılar Birliyinin sədr müavini  Dmitri  Çistyak Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xarici ölkələrlə geniş əməkdaşlıq əlaqələrindən, bu sahənin inkişafına verdiyi töhfələrdən söz açıb, yaxın aylarda Ukraynada işıq üzü görmüş “Свiт тане, як сон” kitabından parçalar səsləndirib.

   Tədbirin bədii hissəsində Ukrayna Milli Mədəniyyət və İncəsənət Akademiyasının tələbələri tərəfindən Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya nümayiş olunub, tanınmış Ukrayna musiqiçisi Katerina Lubçik bandur musiqi alətində Azərbaycanın “Sarı gəlin” xalq mahnısını ifa edib.

   Tədbirin sonunda Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Ukrayna Yazıçılar Birliyinin sədri Mixail Sidorjevski, şeirlərin ukrain dilinə tərcüməçisi Lesya Mudrak,  “Yaroslavov Val” nəşriyyat evinin direktoru Svetlana Koronenko, Ukraynanın Xalq artisti Larisa Xoroles Mərkəzin Ukrayna üzrə xüsusi nümayəndəsi Marina Qonçaruk Dövlət Tərcümə Mərkəzinin diplomları ilə təltif edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.