Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc, istedadlı şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərinin yayınına başlayıb.

Şairin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi ­– Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru – İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı əsasən dünya ədəbiyyatının İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi korifey yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

 

https://www.babab.com/2022/07/15/poetas-de-azerbaiyan-ulujay-akif/

 

 

 Ulucay Akif


1995-ci ildə Bakıda anadan olub;

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur;

2021-ci ildən “Kulis.az” ədəbiyyat və mədəniyyət portalının baş redaktorudur;

“Günəşə atılan mərmilər”“Gizlənqaç” şeirlər kitabının müəllifidir.

 

 

 

kölgə

bu qədər savaş və qanın

ölümlər və yalanın içində

əlimin tərsiylə itələyib bu yumru dünyanı

masamın üstündən

şeir yazmaq istəyirəm sənə

şeir yazmaq - bacardığım ən gözəl biçimdə


şeir yazmaq istəyirəm sənə

üçüncü minilliyin iyirminci ilində

şeir yazmaq -

Adəmin Həvva ilə danışması kimi -

insanoğlunun birinci dilində

 

ey sən

bütün uzaqları özünə məskən bilən!

hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?

gündüzlər hansı küçələrdə rəqs edir kölgən

gecələr hansı otaqlarda gizlənir?

 

ey sən

bütün uzaqları özünə məskən bilən!

mən tanıyıram sən yaşayan küçəni də

şəhəri də, ölkəni də

tanıyıram səni isidən Günəşi də

səni üşüdən küləyi də

tanıyıram səmanda uçan quşları

tanıyıram bütün səndə unudulmuşları


demirəm ki, o Günəşi, quşları

o küləyi, o küçəni, şəhəri

demirəm ki, mənə ölkəni göndər

heç olmasa, heç olmasa hərdən bir

heç olmasa, heç olmasa gecələr

heç olmasa mənə kölgəni göndər

 

sual

bu sehrli gecələr, bu bəyaz gecələr

bizə öyrədir ki, Günəş batmır

biz ondan üz döndəririk

 

bir qutu siqaret

bir şüşə çaxır və mən

Nevanın sahilindən

sənə salam göndəririk

 

ya Rəbb

sevdiyim bütün adamlarda

Səni axtardım

bəs Sən məni

kimdə axtaracaqsan?!

 

sevgi marşı

indi əllərimiz qana bata-bata

ölkələrin arasından tikanlı məftilləri

evlərin arasından hasarları sökməliyik

indi dünyanı daha gözəl etməliyik

 

doyunca içməliyik dostlarımızla

soyuq qış gecələrində isti çaxırı

doğru adamlarla sevişməliyik

isti yay gecələrində hər günün axırı

 

günəş uşaqlığımızdakı rənginə qayıtmalı

dənizlər həmişəkindən daha mavi olmalı

silahımızdakı son güllələri də

dostumuzun toyunda havaya sıxmalıyıq

 

 

 

 

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...