Ələkbər Salahzadənin şeirləri Rusiya ədəbiyyat portalında

Ələkbər Salahzadənin şeirləri Rusiya ədəbiyyat portalında

Rusiyanın populyar stihi.ru ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin rus dilinə tərcümə edilmiş “Dəniz nəğməsi”, “Mənsiz gecə”, “Dəniz” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva və Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən stihi.ru” portalı mütəmadi olaraq dünya ədəbiyyatının Robert Berns, Federiko Qarsia Lorka, Emili Dikinson kimi korifey şairlərinin yaradıcılığını işıqlandırır.

 

 

Ələkbər Salahzadə

      (1941–2013)

 

 Şair, tərcüməçi, dramaturq;

– “Beş yarpaq”, “Od heykəli”, “Gözlər baxır dünyaya”, “Xatirə çiçəyi”, “Yerimiz bir, göyümüz bir”, “Od odası”, “Yanıltmaclı əlifba” kitablarının müəllifidir;

– “Kölgədən qorxan”, “Yayın qış gecələri”  “Nağaraçı naxırçı” pyesləri tamaşaya qoyulub;

– əsərləri müxtəlif xarici dillərə tərcümə olunub;

– L.Stern, A.Tarkovski, P.Svirka, A.Platonov, A.Sofronov, M.Selimoviç kimi dünya şöhrətli şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib;

  – 2005-ci  ildə  Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

DƏNİZ NƏĞMƏSİ


Sən mənə bir dəniz nəğməsi oxu,

ləpə-ləpə pıçılda,

dalğalar kimi oxu.

Nəfəsindən əyir, səsindən toxu.

en,

dön dənizə oxu,

sahilində məntək sənsizə oxu.

Uzaqdan-uzağa

ləpələn, oxu,

səsinlə yanğıma səpələn oxu,

məlhəmi ağrıya, mən bilən, oxu.

Sən mənə bir dəniz nəğməsi oxu,

en,

dön dənizə oxu,

sahilində məntək sənsizə oxu...

 

MƏNSİZ GECƏ


Ulduzları mürgü döyən

sakit, heysiz bir gecədi.

Ay hardasa itib-batib,

yoxsa göysüz bir gecədi.

Öz-özünə axır keçir,

qədim, nəfis bir gecədi.

Bir az xəfə, bir az qəfəs

təngnəfəs bir gecədi.

Nə yaxşı ki, sonsuz deyil,

uzun, ensiz bir gecədi.

Bir az həzin, bir az qərib,

sanki mənsiz bir gecədi...   

 

DƏNİZ


Sahilini aşa bilmir,

suyu azalır dənizin.

Qaya görüb ta böyürmür.

dili qısalır dənizin.

Yoxsa elə yaranandan

qəbri qazılır dənizin?!

Qumlar üstdə yazıları

daha pozulmur dənizin.

Bir kötüyün ayağına

dalğasının əli çatmır.

Duzlu daşı yalamağa

uzansa da

dili çatmır.

Çaylarımı arıqladı,

şor suyumu buxarlandı?

Kim odladı -

ağzındaca

dalğa-dalğa dili yandı?!

Öz içində çabalayır,

sanki əl-qol atır dəniz.

Eheyy,çaylar,eheyy,sular,

haya çatın, batır dəniz!..

 

 

 


https://stihi.ru/avtor/ilahafeyzi?fbclid=IwAR0W00VGkk-OhWWQXa0gTdubkkYO

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...