Ştefan Svayqın “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünya şöhrətli Avstriya yazıçısı Ştefan Svayqın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.
Kitaba yazıçının “Yad qadının məktubu”, “Dayə”, “Dəhşətli sirr”, “Amok”, “Qorxu”, “Ay işığında küçə”, “Bir qadının həyatından iyirmi dörd saat” hekayələri, “Bəşəriyyətin bəxt ulduzları”, “Jozef Fuşe. Siyasi xadimin portreti” kimi məşhur miniatürləri və tanınmış alman dili tərcüməçisi Vilayət Hacıyevin yazıçının həyatı və yaradıcılığı haqqında qələmə aldığı “Stefan Svayq — “Böyük avropalı” yazısı daxil edilib.
Əsərlərin tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zahid Məmmədov, Nəriman Əbdülrəhmanlı, Həmid Arzulu, Qabil Əhmədovdur.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Kitabxanası
Azərbaycan Dillər Universitetinin satış köşkü.
ŞTEFAN SVAYQ – “BÖYÜK AVROPALI”
1881-ci il noyabrın 28-də Vyanada varlı yəhudi ailəsində dünyaya göz açan Ştefan Svayq XX əsrin ən böyük sənətkarlarından biridir. Hofmanstal və Rilkenin təsiri altında yazdığı ilk şeirləri hələ gimnaziyada oxuyarkən ədəbi dərgilərdə çap edilirdi, 1901-ci ildə isə “Gümüş simlər” adlı şeirlər toplusu işıq üzü gördü. Vyana və Berlin universitetlərində germanistika və romanistikanı dərindən öyrənən Svayq 1904-cü ildə İppolit Tenin fəlsəfi görüşləri haqqında yazdığı dissertasiyanı uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi aldı. Bununla belə, görkəmli Belçika şairi Verxarnın, xüsusən də Dostoyevskinin yaradıcılığından bəhrələnən Ştefan Svayq dünya ədəbiyyatı tarixinə psixoloji novellalar və tarixi-bioqrafik oçerklər, esselər ustası kimi daxil oldu.
Hələ sağlığında dünya şöhrəti qazanan, R.Rollan, T.Mann, H.Hesse, C.Coys kimi humanist sənətkarlarla bir sırada dayanan Ş.Svayq həyatının çox hissəsini doğma vətəni Avstriyadan uzaqlarda keçirib: əvvəlcə İngiltərədə, sonra Nyu-Yorkda yaşayıb. Axırda Braziliyaya köçsə də, heç cür dinclik tapa bilməyən yazıçı onu daban-dabana izləyən, Avropanı yer üzündən silməklə hədələyən müharibənin vahiməsindən sarsılaraq 1942-ci il fevralın 22-də intihar edib.
Ştefan Svayq “Böyük avropalı” hesab olunurdu, çünki yazıçının ən böyük arzusu dostluq, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayan, ortaq mədəni-mənəvi dəyərlərə malik bir Avropanın yaranması idi. O hələ 1923-cü ildə yazdığı məktublarından birində deyirdi: “Mənə elə gəlir, Avropanın dövlətçiliyi uzaqbaşı əlli, ya yüz ilin söhbətidir və belə olan halda tezliklə ticarət, iqtisadi maraqlar Amerika Birləşmiş Ştatlarına qarşı Avropa Birləşmiş Ştatlarını qoyacaq. Bu inam dumanlı bir idealizmin deyil, riyazi hesablamaların, milli iqtisadiyyatın inkişafının nəticəsidir. Ola bilməz ki, Avropa dövlətləri uzun müddət insanlardan əsgər, gömrük məmuru, səfir, konsul kimi istifadə etsin... Ona görə də mən sərhədlərə çox da fikir vermirəm, çünki onlar öz-özünə silinib gedəcək...”
Yazıçı bu fikrə birdən-birə gəlməmişdi; 1904-cü ildə dünyagörüşünü artırmaq, həyatı, müxtəlif mədəniyyətləri yaxından öyrənmək üçün o, əvvəlcə İngiltərə, Belçika, İtaliya, İspaniya kimi Qərbi Avropa ölkələrinə, daha sonralar Hindistana, Amerikaya, Afrikaya səfərlər etmiş, müxtəlif xalqların mədəniyyətini, adət-ənənələrini bütün incəliklərinə qədər öyrənməyə çalışmış, özünün yazdığı kimi, “tədricən avropalı olmuşdu”. İngilis, fransız, italyan, ispan dillərində sərbəst danışa bilməsi dövrün sayılıb-seçilən sənət adamları ilə dostluq əlaqələri qurmasını asanlaşdırırdı. Özünü mədəniyyətlər arasında “vasitəçi” hesab edən yazıçı bədii tərcümə ilə intensiv məşğul olur, Avropanın görkəmli söz ustalarını almandilli oxucular üçün doğmalaşdırır, Qərb dünyasının bədii zövqünün formalaşmasında əvəzsiz rol oynayırdı.
Burada bir amili də nəzərdən qaçırmaq olmaz ki, Birinci Dünya müharibəsindən “ruhlanan” gənc Svayq könüllü surətdə cəbhəyə getmək istəmiş, lakin “cəbhəyə yararsız” olduğu üçün Müharibə Arxivində işləməyə göndərilmişdi. O bir neçə il müharibəni tərənnüm edən yazılar yazmış, hətta xaricdəki dostlarına ünvanladığı məktubda özünün “artıq həmin adam olmadığını” etiraf etmişdi: “Daha ədalətli olmağı bacarmıram. Bu gün ölçü və dəyərlər dəyişib və hər bir insan öz millətinin yanında bir yerdə olmalıdır...” Lakin 1915-ci ildə rəsmi tapşırıqla cəbhə xəttinə göndərilən və yaralı əsgərlərlə görüşüb müharibənin dəhşətlərini öz gözləri ilə görən yazıçının düşüncə tərzində, dünyagörüşündə, gerçəkliyə münasibətində ciddi təbəddülat yaranmışdı. Daxili aləmindəki ziddiyyətləri, insani hisslərlə vəzifə borcu arasındakı mübarizəsini Svayq “Məcburiyyət” hekayəsində böyük ürək ağrısı ilə təsvir edib. Eləcə də “qardaşlıq abidəsi, bəşəri həmrəyliyin monumental təcəssümü” kimi dəyərləndirdiyi “Babilistan qülləsi” adlı essesi və müharibə əleyhinə yazdığı “Yeremey” dramı Svayqı artıq sülh uğrunda mübarizəyə başlayan humanist yazıçıların cərgəsinə qoşdu. Sonralar “Avropanın vicdanı” hesab elədiyi R.Rollana yazdığı məktubdan, eləcə də “Dünənin dünyası” memuarından görünür ki, bu dram əsəri Ş.Svayq üçün xüsusi məna kəsb etmişdir: “İlk dəfə hiss etdim ki, özümdən, zəmanədən danışmışam. Başqalarına kömək etmək istəyə-istəyə özümə kömək etmişəm...” (Yeri gəlmişkən, Ş.Svayq bu mövzuya sonralar “Mariya Stüart”, “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” kimi bir sıra tarixi-bioqrafik romanlarında təzədən müraciət etmiş, onu daha geniş perspektivdə işləmişdir.)
1917-ci ildə mühazirə oxumaq üçün İsveçrəyə gedən Ş.Svayq ölkələrində müharibə gedən bir çox ziyalılarla, sənət adamları ilə dostluq etmiş, məhz onların təsiri ilə yazıçılıq fəaliyyətini sülh, bəşəri dəyərlər, humanizm uğrunda mübarizəsi ilə birləşdirmişdi.
1920-ci ildən başlayaraq Ziqmund Freydin məşhur psixoanalizindən təsirlənən yazıçı ona dünya şöhrəti qazandıran novellalarını çap etdirir. “Qorxu” (1920) və “Amok” (1922) müəllifinə daha çox uğur gətirir, tezliklə hər iki hekayə ekranlaşdırılır. Beləliklə, novella Svayq üçün sevimli janra çevrilir və o, “Yad qadının məktubu” (1922), “Dolaşıq hisslər” (1927), “Kitab Mendel” (1929), “Şahmat novellası” (1941), “Bir qadının həyatından iyirmi dörd saat” və s. kimi sənət inciləri yaradır. Gərgin dramatizmi, qeyri-adi süjet xətti ilə seçilən bu novellalarda dərin psixologizm, insanın iç dünyasının ən dərin qatlarına nüfuz etmək bacarığı, qəhrəmanların “qəlbini oxumaq” qabiliyyəti Svayq poetikasını səciyyələndirən əsas əlamətlərdir. Adətən, çox qısa zaman kəsiyində baş verən hadisələrdəki dönüş anları ön plana çəkilir, dərin sarsıntıları, üzücü iztirabları, kəskin təzadları bütün çılpaqlığı ilə ifadə edən daxili monoloqlar oxucunu sehrləyir. Bu baxımdan, Svayqın 1927-ci ildə nəşr olunan “Bəşəriyyətin bəxt ulduzları” tarixi miniatürləri çox maraqlıdır. Burada toplanmış beş novellada Svayq beş tarixi şəxsiyyətin həyatındakı ən dramatik məqamları təsvir edir. Lakin bu məqamlar ayrı-ayrı tarixi detallar, adi təfərrüatlar deyil, bəşər tarixinin həlledici dəqiqələri, ölümlə həyat, məğlubiyyətlə zəfər təntənəsi arasındakı əzəli-əbədi mübarizədir, yazıçının özünün təbirincə desək, “başqa vaxtlarda diqqəti cəlb etmədən baş verən, lakin bircə göz qırpımında birləşərək həlledici ana çevrilən” hadisələrin təsviridir.
Svayq həm də bənzərsiz tarixi-bioqrafik romanlar 1929-cu ildə qələmə aldığı “Jozef Fuşe. Siyasi xadimin portreti” əsərinin böyük uğurundan sonra (əslində, Svayq belə uğuru gözləmirdi və naşirindən onu az tirajla buraxmağı xahiş etmişdi!) tez-tez bu janra müraciət etmiş, “Mariya Antuanetta” (1932), “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” (1934), “Mariya Stüart” (1935), “Kastellio Kalvinə qarşı və ya vicdanla zorakılığın mübarizəsi” (1936), “Magellan” (1938), “Balzak” (1940) və s. kimi bu gün də aktuallığını saxlayan ölməz əsərlər yaratmışdır. O, tarixi materialları, dövrün ictimai-siyasi durumunu, mənəvi-əxlaqi dəyərlərini, qəhrəmanların yazışmalarını, onların haqqındakı xatirə-memuarları diqqətlə öyrənmiş, hamısını bədii təxəyyüllə birləşdirərək yaşadığı dövrün prizmasından canlandırmış və dəyərləndirmişdir. Bu əsərlərdə o, tarixi sənədlərə, faktlara əsaslansa da, heç vaxt “quru tarixçi” olmamış, baş verən olaylara, təsvir etdiyi tarixi şəxsiyyətə həmişə psixoloq gözü ilə baxmışdır.
Ədalətinə şübhə ilə yanaşdığı tarixə Ştefan Svayq yaradıcı və dağıdıcı güclərin əbədi mübarizəsi kimi baxır və belə hesab edirdi ki, hökmlər heç də fatehlərin yazdığı kimi mənəvi-əxlaqi cəhətdən saf olmamışdır, ona görə də yazıçının əsas vəzifəsi “hakimiyyətlə əxlaq arasındakı dərin uçurumu göstərməkdir”. Məsələn, həm şəxsiyyəti, həm taleyi müəmmalarla dolu olan Şotlandiya kraliçası Mariya Stüartın ziddiyyətli portretini yaratmağa çalışan yazıçı sonda belə nəticəyə gəlir ki, “...əxlaqla siyasətin yolları başqa-başqadır. Hadisələr də bizim onları bəşəri dəyərlər və ya siyasi üstünlük baxımından mühakimə etməyimizdən asılı olaraq müxtəlif cür qiymətləndirilir”.
1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsini həyəcanla izləyən Svayq dostlarına tezliklə Avstriyanın da öz müstəqilliyini itirəcəyini yazırdı və maraqlıdır ki, Reyxstaq önündə yandırılan kitabların içində “siyasətə qoşulmayan” Svayqın da kitabları vardı.
1934-cü ildə Zaltsburqdakı evində aparılan qanunsuz yoxlamadan əsəbiləşən yazıçı vətəni tərk edir. Dörd il Londonda Avstriya vətəndaşı kimi yaşasa da, 1938-ci ildə ölkəsinin Almaniyaya qatılmasından sonra vətəndaşlığını itirir, dostlarının köməyi ilə 1940-cı ildə İngiltərə vətəndaşlığı alır. Lakin Londonda özünü sərbəst hiss edə bilmədiyindən Latın Amerikasına, 1941-ci ildə isə ABŞ-a köçür, axırda Braziliyaya üz tutub balaca kurort şəhəri Petropolisdə məskunlaşır.
I Dünya müharibəsini insanların səhvi, anlaşılmazlıq hesab eləyən Ş.Svayq bir daha müharibə olacağına inanmırdı, buna görə də İkinci Cahan savaşının başlanması və şər qüvvələrin ilk illərdə qazandığı uğurlar onu əməlli-başlı sarsıtdı. 1942-ci ildə yazıçı özündə mənəvi güc taparaq sonuncu əsərini – “Dünənin dünyası” adı ilə çap olunan “Bir avropalının xatirələri”ni tamamlaya bildi. Bu dünya nə qədər ziddiyyətli və çətin olsa da, yaşamağa dəyərdi, çünki düzələcəyinə yazıçının ümidi vardı. Həmin dünyanın çox yerini gəzib görmüşdü, insanlarla söhbət etmişdi, onlara bəşəri dəyərlər, humanizm, mənəvi-əxlaqi məsələlər haqqında mühazirələr oxumuşdu. Getdiyi hər yerdə böyük hörmət və diqqətlə, az qala, dövlət xadimi kimi qarşılanmışdı. İndi o dünya dağılmış, bütün ümidlər puça çıxmışdı. Təbii ki, yazıçı yerlə yeksan edilmiş belə bir xarabalıqda yaşaya bilməzdi və intihar ərəfəsində son arzusunu vida məktubu ilə bildirmişdi: “...Bütün dostlarımı salamlayıram. Arzu edirəm uzun gecədən sonra səhər şəfəqlərini görmək hamısına nəsib olsun. Mən isə çox səbirsiz olduğum üçün onları qabaqlayıram...”
Vilayət Hacıyev
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...