Şahmar Əkbərzadənin şeirləri İspaniya ədəbiyyat portalında

Şahmar Əkbərzadənin şeirləri İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin ispan dilinə tərcümə edilmiş “Ayırar bu dünya bizi nə vaxtsa”, “Özün özgənin” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru – İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin                                                                                                                      yaradıcılığını işıqlandırır.

 

 

Şahmar Əkbərzadə

 (1941–2000)

– Şair, jurnalist;

– Şuşa Pedaqoji Texnikumunu və M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu bitirib;

– 1968-ci ildən “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışıb;

– 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib;

Anama layla”, “Sevgi borc verilməz”, “Ona yanıram ki”, “Haqqa pəncərə”, “Xarıbülbül nəğmələri” kitabları nəşr olunub;

– 2014-cü ildə onun adını daşıyan “Şahmar Ədəbi Məclisi” təsis edilib.

 

 

AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm, günüm,

Çəkilər göylərə harayım, ünüm.

Dolaşar qəfildən ömür düyünüm,

Ayırar bu dünya bizi nə vaxtsa.

 

Dağlayar qəlbini, dağlayar dağ-dağ

Sinəmdə əcəlin çatdığı ocaq.

Tüstüsü gözünü yandırar ancaq,

Üşüdər qəlbini közü nə vaxtsa.

 

Ha səslən, dağılmaz əbədi yuxum,

Burnunun ucunu göynədər qoxum.

Çarpaz dağlar çəkər sənə yoxluğum,

Çiləyər yarana duzu nə vaxtsa.

 

Düşər xatirələr yadına bir-bir,

Yanarsan günlərin oduna bir-bir.

Əsər əsim-əsim, titrəyər tir-tir,

Sınar qürurunun dizi nə vaxtsa.

 

Bəxtin gözlənilməz günlə rastlaşar,

Odun da, közün də Şahmarsızlaşar,

Dadın da, duzun da Şahmarsızlaşar,

Ayırar bu dünya bizi nə vaxtsa.

 

 

 

ÖZÜN ÖZGƏNİN

Sənin tilsimindən çıxa bilmirəm,

Neyləyim, bu eşqi boğa bilmirəm,

Yolundan gözümü yığa bilmirəm,

Göz dağın mənimdir, gözün özgənin.

 

Öz sevdan özünü qarğışa salıb,

Ömrün qara qalıb, yağışa qalıb,

Taleyin tüstünlə baş-başa qalıb,

Tüstün mənimkidir, közün özgənin.

 

Şahmara vəfandan cəfan nurludur,

Baharın şaxtalı, yayın qarlıdır,

Həsrətin özündən etibarlıdır,

Həsrətin mənimdir, özün özgənin.

 

https://trabalibros.com/textos-libres/i/31568/67/poemas-shahmar-akbarzada

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.