XIX əsrin əvvəllərində Qarabağda “erməni dövləti” yaratmaq cəhdləri

XIX əsrin əvvəllərində Qarabağda “erməni dövləti” yaratmaq cəhdləri

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa olan ərazi iddialarına Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasəti prizmasından kənarda baxılması qeyri-mümkündür. Əslində, XVII əsrin sonlarından başlayaraq dövrün sənədlərini məharətlə saxtalaşdırmağı bacaran ermənilər tərəfindən uydurularaq Rusiya və digər Avropa dövlətlərinə yol tapan, tarixi gerçəkliyi əks etdirməyən qondarma ideyalar şəklində meydana çıxan bu ərazi iddiaları XIX əsrin başlanğıcından etibarən yeni – real addımlarla həyata keçirilən mərhələyə qədəm qoydu.

XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalına başlayan Rusiya imperiyasının əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirməklə Rusiyanın regionda gələcək hegemonluğu üçün zəmin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün Rusiya dini amildən istifadə edərək türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar İranına qarşı dayaq kimi «erməni dövləti» yaratmaq planını həyata keçirməyə çalışırdı. Təsadüfi deyil ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq, onları müdafiə etmək və onlardan istifadə etmək tapşırılmışdı.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian dövləti yaratmaq niyyətində olan Rusiya Şimali Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra bu niyyəti reallaşdırmağa başladı.

1805-ci il Kürəkçay müqaviləsindən, yəni Qarabağ xanlığının Rusiyanın himayəsinə keçməsindən dərhal sonra P.D.Sisianov Qarabağda çarizmin mövqeyini möhkəmlətmək məqsədilə Cənubi Qafqazın digər əyalətlərindən erməniləri dərhal bura köçürməyə başladı.

1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə olan əhalinin ümumi sayı artıb 4366 ailəyə çatmışdı. Lakin bütün bunlar Rusiya imperiyasını qane etmədiyndən, ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ bölgəsinə köçürülməsinə başlanıldı.

Rusiya imperiyası bu niyyətini reallaşdırmaqdan ötrü Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsaslanaraq erməniləri dərhal İran ərazisindən kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına – əsasən də keçmiş Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürməyə başladı.

Rusiya imperiyasının həyata keçirdiyi bu qanlı siyasət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı. Bu mənfur siyasəti rus tarixçiləri özləri də etiraf edirlər.

Şimali Azərbaycana köçürülən kasıb erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi, köçürülənlərin sərhədə çatdırılması ilə bitirdi. Bundan sonrakı işlərə rəhbərlik İrəvan «müvəqqəti idarə»si yanında xüsusi olaraq köçürülən ermənilərin yerləşdirilməsi üçün yaradılan komitəyə həvalə edilirdi. Komitə köçürülən erməniləri sərhəddə qarşılamaq üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət etməli idi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi dairəsinin rəisi, knyaz Abxazova həvalə edildi. 1828-ci ilin əvvəllərində köçürülən 750 erməni ailəsinin əksəriyyətini knyaz Abxazov Bərdə şəhərində yerləşdirdi.

Ermənilərin İran ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi haqqında məlumatı Lazarevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdığı «Yekun hesabatı»nda oxumaq mümkündür.

Hesabata görə, köçürülmə prosesi 1828-ci il fevralın 26-da başladılmış və iyunun 11-də başa çatdırılmışdır. Bu qanlı siyasətə erməni polkovniki Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdir.

Beləliklə, Rusiya imperiyasının erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa köçürməsi siyasəti azərbaycanlıları öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü və «erməni dövləti»nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə, onlara burada «yeni vətən» yaratmaq məqsədilə köçürülüb.

Lakin bir xalq kimi ermənilər tarixi həqiqətləri öz niyyətləri xeyrinə həmişə məharətlə saxtalaşdırmağı bacarmış və Azərbaycanın Qarabağ bölgəsinə olan ərazi iddialarından heç zaman əl çəkməmişlər. Məsələn, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında Kürəkçay sazişi bağlanmışdı. Həmin sazişə görə Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi. Erməni tarixçiləri isə real tarixi və Kürəkçay müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və Kürəkçay müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən xeyli sonra – 1828-ci ildə başlanılıb. Qarabağ erməniləri 1978-ci ildə özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Dağlıq Qarabağda – Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişdilər. Lakin 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri «tarixi həqiqətin izini itirmək» məqsədilə, ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtdılar.

Tarixi həqiqətlər isə təsdiq edir ki, Azərbaycan torpağı olan Qarabağın aborigen əhalisi məhz azərbaycanlılardır. Ermənilər isə bu torpağa gəlmə, daha doğrusu, gətirilmə etnosdur.

Güntəkin NƏCƏFLİ

 

VƏ DİGƏR...